Dəvə çobanının oğlu hakimiyyət savaşında| Sudanda çevriliş cəhdi və proses haqqında nə bilmək lazımdır?

2023/04/1681801151.jpg
Oxunub: 4753     10:55     18 Aprel 2023    
Sudanda ordu ilə qiyamçı Çevik Dəstək Qüvvələri (RSF) arasında şiddətli toqquşmalar dördüncü gününə qədəm qoyub. Şənbə günü başlayan qarşıdurmalarda 185 nəfərin öldüyü, təxminən 1800-dən çox mülki vətəndaş və hərbçinin yaralandığı bildirilir. Şahidlər küçələrin tamamilə boş olduğu paytaxt Xartumda partlayış və atışma səslərinin eşidildiyini bildiriblər.

Paytaxtdakı Xartum Beynəlxalq Hava Limanı, eləcə də şimaldakı Maravi və Ubaid hava limanları, prezident sarayı, paytaxtdakı ordu qərargahı və dövlət televiziyası ətrafında toqquşmalar intensivləşib. Şənbə günü baş verən qarşıdurmalardan qısa müddət sonra RSF prezident sarayı və Xartum hava limanına nəzarəti ələ keçirdiklərini açıqlayıb, Sudan ordusu isə bu iddiaları rədd edib.

Ordunun döyüş təyyarələri ötən gecə RSF-nin Omdurman şəhərindəki bazasına zərbələr endirib. Sosial mediada əks olunan görüntülərdə paytaxt Xartumda bəzi binaların da döyüş təyyarələri tərəfindən vurulduğu görülüb. Münaqişədə həyatını itirənlər arasında BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı da var. Münaqişələrin arxa planında isə 2021-ci il çevrilişindən bəri Sudanı idarə edən xunta daxilindəki hakimiyyət mübarizəsi dayanır.

Ordunun başçısı general Əbdülfəttah Burhan Sudanı faktiki olaraq idarə edərkən, onun müavini, “Hemeti” kimi tanınan general Məhəmməd Hamdan Daqalo RSF-nin 100 minlik qiyamçı qüvvələrinin başındadır. Ölkənin mülki idarəçiliyə qaytarılması və RSF-nin orduya daxil edilməsi prosesi ilə əlaqədar olaraq iki general arasında ziddiyyət yaranıb və ölkədə gərginlik artıb.

Döyüşlərin şənbə günü necə başladığının təfərrüatları hələlik məlum deyil. Bununla belə, ölkədən gələn ilk xəbərlərdə ordunun paytaxt Xartumdakı RSF bazasına hücum təşkil etdiyi, bundan sonra bütün şəhərdə toqquşma səslərinin eşidildiyi bildirilir. Şənbə günü axşam saatlarında Xartum hava limanı ətrafında toqquşmaların gücləndiyi və hava limanında Səudiyyə Ərəbistanına məxsus iki təyyarənin vurulduğu məlum olub. Xartuma bütün uçuşlar da dayandırılıb.

Sudanın faktiki lideri Əbdülfəttah Burhan qarşıdurmalara RSF-nin başladığını bildirib və RSF qüvvələrinin səhər saat 9-da onun evinə hücum etdiyini iddia edib.
RSF-nin rəhbəri “Hemeti” “Sky Arabia” telekanalına müsahibəsində ittihamları rədd edərək, “Burhan təslim olmalıdır” deyib. Sudan ordusundan verilən açıqlamada “Hemeti” haqqında həbs qərarı çıxarıldığı və RSF-nin “üsyançı milis” kimi təsnif edildiyi bildirilib. Hərbçilər, həmçinin RSF ləğv olunana qədər heç bir danışıqların aparılmayacağını açıqlayıblar.

Əbdülfəttah Burhan kimdir?

Sudanın faktiki lideri general Əbdülfəttah Burhan 2019-cu ildə ölkəni 30 il idarə edən Ömər əl-Bəşirin devrilməsi prosesində gündəmə gəlib. Ömər əl-Bəşirin əleyhinə aylarla davam edən küçə nümayişlərindən sonra ordunun başında olan Burhan 2019-cu ilin aprelində hakimiyyəti ələ keçirmək və mülki idarəçiliyə qayıtmaq məqsədi daşıyan “hərbi keçid şurası” yaradıb.

Mülki idarəetməyə keçid dövründə səlahiyyətlərini təhvil verməkdən imtina edən sudanlı general 2021-ci ilin oktyabrında növbəti çevriliş edərək baş nazir Abdullah Hamduku devirib və ölkənin faktiki lideri olub. O vaxtdan bəri Burhan, ölkədəki nümayişlərə və 2022-ci ilin dekabrında imzalanan mülki idarəetməyə keçidə baxmayaraq, Sudanı getdikcə avtoritar şəkildə idarə etməyə davam edir.

Məhəmməd Hamdan Daqlo kimdir?

Daha çox “Hemeti” kimi tanınan Məhəmməd Hamdan Daqlo ölkəni idarə edən hərbi xuntadadır və 100 000 nəfərlik qiyamçı Çevik Dəstək Qüvvələrinin lideridir. Rusiya və Körfəz ölkələri ilə sıx əlaqələri olan “Hemeti”nin başçılıq etdiyi RSF Yəməndəki münaqişələrin tərəfi olan, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya da qüvvələr göndərib.

Bəşirin hakimiyyəti dövründən güclü mövqe tutan sudanlı general əslən paytaxtdan uzaq bir ərazidə dəvə çobanının ailəsindəndir. 2000-ci illərin əvvəllərində “Cəncavid” milis qrupuna başçılıq edən “Hemeti” Bəşirin Darfurda ərəb üsyançılarına qarşı apardığı qanlı əməliyyatlarda mühüm rol oynayıb. “Cəncavid” Darfurda hərbi cinayətlər törətməkdə ittiham olunurdu. Beynəlxalq Cinayət Məhkəməsi Bəşirə qarşı soyqırım ittihamı ilə iddia qaldırıb.

2013-cü ildə “Cəncavid” RSF-yə qoşulub, heç bir rəsmi hərbi təhsili olmayan “Hemeti” isə yeni yaradılan qiyamçı qüvvələrin rəhbəri olub. Bəşir administrasiyası uzun müddət ölkədə nümayişləri yatırmaq üçün RSF-dən istifadə edib. 2017-ci ildə, RSF-nin Sudanın rəsmi təhlükəsizlik aparatlarından daha güclü olacağına dair narahatlıqların olduğu bir vaxtda Sudan parlamenti RSF-ni müstəqil təhlükəsizlik qüvvəsi kimi müəyyən edən yeni qanun qəbul edib.

Lakin 2019-cu ildə Bəşirin devrilməsi zamanı “Hemeti” də Burhan kimi qalib tərəfdə olub və Bəşirin göndərilməsində rol oynayıb. “Hemeti” 2021-ci il çevrilişindən sonra Keçid Hərbi Şurada Burhanın müavini kimi iştirak edib, RSF isə çevriliş əleyhinə nümayişləri yatırıb. 2021-ci ildən sonra dövlət başçısı olmaq haqqında düşündüyü bildirilən “Hemeti” çevriliş prosesində yoxa çıxıb və Burhanın çevrilişin siması, lideri olmasına icazə verib.

Sudan bu nöqtəyə necə gəldi?

Sudanda hərbi qüvvələr və mülki nümayəndələr 2022-ci ilin dekabrında ölkənin mülki idarəçiliyə keçməsini və RSF-nin orduya daxil olmasını ehtiva edən saziş imzalayıblar. Bununla belə, RSF-nin orduya qoşulması üçün restrukturizasiya planı qiyamçı qüvvələr daxilində narahatlığa səbəb olub.

Mülki idarəçiliyə qayıdış və RSF-nin mövqeyi ilə bağlı gərginliyin artdığı bir vaxtda “Hemeti” fevral ayında canlı yayımda iştirak edərək 2021-ci il çevrilişini “səhv” kimi səciyyələndirib, bunun “köhnə rejimə açılan qapı” olduğunu bildirib. “Hemeti”nin açıqlamalarından bir həftə əvvəl Burhan RSF-nin müstəqil əməliyyatlar keçirməsinə icazə verməyəcəyini bildirən bir açıqlama verib.

Bu açıqlamaya toxunan “Hemeti” Burhanı “ölü rejimin qalığı” kimi xarakterizə edib və sudanlı generalı ordu ilə RSF arasında problem yaratmaqda ittiham edib. Mülki idarəçiliyə keçid razılaşmasına əsasən, Sudanın mülki hökuməti bu ayın əvvəlində müəyyən edilməli idi, lakin razılaşma qeyri-müəyyən müddətə təxirə salınıb. Cümə axşamı yüksək səviyyəli general RSF-ni ordunun xəbəri olmadan ölkə daxilində qoşun yerləşdirməkdə ittiham edib və mümkün toqquşmalarla bağlı xəbərdarlıq edib.

Kim necə reaksiya verdi?

Sudandakı münaqişələrdən sonra açıqlama verən Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş münaqişələrə son qoymağa çağırıb. Quterreşin Burhan və “Hemeti” ilə danışdığı, həmçinin Misir prezidenti Sisi ilə də görüşdüyü açıqlanıb. Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunub: “Sudanın bütün sektorlarını keçid prosesinin nailiyyətlərinə sadiq qalmağa, sakit olmağa və dialoqa dəvət edirik. Yalnız milli barışıq yolu ilə Sudanın problemlərinə daimi həll yolu tapmaq olar”.

ABŞ Dövlət Departamentinin toqquşmalarla bağlı verdiyi açıqlamada xarici işlər naziri Blinkenin Sudanda nüfuzu olan ölkələrlə əlaqə saxladığı bildirilib. Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, zorakılığın artması narahatlıq doğurur. Ərəb Liqasının ötən gün Səudiyyə Ərəbistanı və Misirin çağırışı ilə təcili toplantı keçirdiyi açıqlanıb. Eynilə Afrika İttifaqının da mövzu ilə bağlı toplantı keçirəcəyi gözlənilir.

Bildirilib ki, Səudiyyə Ərəbistanı, BƏƏ və ABŞ xarici işlər nazirləri birgə telefon danışığı keçirib və hərbi gərginliyin dayandırılmasının vacibliyi barədə razılığa gəliblər. Misir və Cənubi Sudan hökumətləri Sudan ordusu ilə RSF arasında vasitəçilik etməyi təklif ediblər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sudan   Qiyam   Xaos  


Bizi "telegram"da izləyin